SU ANBARLARI

Mingəçevir su anbarı.

Kür çayının Bozdağdan keçdiyi yerdə yaradılmış Mingəçevir su anbarı 1953-cü ildə istismara verilmişdir. Su anbarının normal dolma səviyyəsində (83 m) ümumi sututumu 15730 mln. m3, faydalı həcmi isə 8210 mln. m3-dir. Su anbarının çay boyu uzunluğu 70 km, eni 3 km-dən (bənddə) 18 km-ə qədər (Alazan çayı tökülən yerdə) dəyişir. Maksimal dərinliyi 75 m, orta dərinliyi 26 m, sahil xəttinin uzunluğu 247 km, su güzgüsünün sahəsi isə 605 km2-dir. Mingəçevir su anbarı bəndinin üstdən uzunluğu 1550 m, eni 16 m, hündürlüyü 80 m-dir.

Mingəçevir su anbarından Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalları su götürür. Su anbarından həmçinin balıqçılıq, su təc­hi­zatı və rekreasiya məqsədi üçün də istifadə olunur. Mingəçevir su anbarının bəndində ümumi gücü 371 min kvt olan 6 hidroaqreqatdan ibarət su-elektrik stansiyası (SES) tikilmişdir. Mingəçevir su anbarı istismara verildikdən sonra yalnız 1959, 1963, 1968, 1973, 1975, 1976, 1978 və 1988-ci illərdə tam həcmdə doldurulmuşdur.


Şəmkir su anbarı.

 Kür çayının üzərində tikilən Şəmkir su anbarı 1982-ci ildə istifadəyə verilmişdir. Anbarın ümumi sututumu 2677 mln. m3, faydalı həcmi isə 1425 mln.m3-dir. Anbarın normal dolma səviyyəsi 158 m, su güzgüsünün sahəsi 115,0 km2, bəndinin üstdən uzunluğu 4500 m, hündürlüyü isə 70 m-dir. Anbardan Şəmkir, Samux, Xanlar və Goranboy rayonları­nın 46 min. hektar torpaq sahələrini suvarmaq üçün Şəmkir maşın kanalına ikipilləli nasos stansiyası vasitəsilə su götürülür. Su anbarı kompleksinə daxil olan Şəmkir su-elektrik stansiyasında hər birinin gücü 190 min kvt olan 2 ədəd turbin quraşdırılmışdır.


Yenikənd su anbarı.

Şəmkir su anbarından 14 km aşağıda elektrik enerjisi istehsal etmək məqsədilə 2000-ci ildə istismara verilmişdir. Anbarın ümumi həcmi 158 mln. m3, faydalı həcmi isə136 mln. m3-dir.
Anbarın bəndində ümumi gücü 150 min.kvt olan 4 aqreqat quraşdırılması nəzərdə tutulmuşdur. Hazırda onlardan 112,5 min. kvt gücündə 3 aqreqat istismara verilmişdir. Anbarın suyu ilə Qarasaqqal arx kanalı vasitəsilə Samux rayonunun 6 min hektar torpaq sahəsi su ilə təmin edilir.

Ağstafaçay su anbarı.

1969-cu ildə tam istismara veril­miş­dir. Bəndin hündürlüyü 52 m, anbarın ümumi sututumu 120 mln. m3-dir. Su anbarı respublikanın qərb zonasında yerləşən Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında 135 min hektar suvarılan torpaqları su ilə təmin edir.

Varvara su anbarı.

 Kür çayının üzərində, Mingəçevir su anbarından 20 km aşağıda, ondan buraxılan suları gündəlik tənzimləmək və elektrik enerjisi istehsal etmək məqsədilə tikilmiş və 1952-ci ildə istismara verilmişdir. Su anbarının uzunluğu 13 km, normal səviyyədə maksi­mum eni 3,4 km-dir, dərinliyi 8,2 m, sahil xəttinin uzunluğu 31 km, su güzgüsünün sahəsi isə 20,5 km2-dir. Varvara su anbarında 3 aqreqatdan ibarət və ümumi gücü 16,5 min.kvt olan Varvara su-elektrik stansiyası fəaliyyət göstərir.

Araz su anbarı.

 Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhəd hissəsində Araz çayının üzərində yaradılmış, su anbarı 1971-ci ildə istifadəyə verilmişdir. Azərbaycan və İran İslam Respublikası dövlətləri tərəfindən birgə tikilmiş bu su anbarı energetika və suvarma məqsədləri üçün birgə də (paritet əsasında) istismar olunur. Araz su anbarının ümumi sututumu 1350 mln m3, faydalı həcmi 1150 mln.m3-dir. Su anbarının uzunluğu 52,0 km, maksimum eni 6,1 km, normal su səviyyəsində dərinliyi 18,2 m-dir. Araz su anbarı bəndinin hündürlüyü 34 m, bəndin üstdən uzunluğu 1026 m, eni isə 12 m-dir. Su anbarının istismara verilməsi ilə Azərbaycan və İran tərəfinin 400 min hektar suvarılan torpaq sahələri su ilə təmin edilmişdir.
Araz su-elektrik stansiyasında 2 ədədi İran İslam Respublikası ərazisində, 2 ədədi isə Azərbaycan Respublikası ərazisində olmaqla 4 ədəd turbin quraşdırılımışdır. Stansiyanın bir aqreqatının suburaxma qabiliyyəti 66,5 m3/san təşkil edir.

Ceyranbatan su anbarı.

Bakı və Sumqayıt şəhərlərində iç­mə­­li və texniki suya tələbatın kəskin artması ilə əlaqədar olaraq, Ceyranbatan su anbarının yaradılması 1958-ci ildə başa çatdırılmışdır. Su anbarının sututumu 186 mln. m3, faydalı həcmi 150 mln. m3-dur. Anbarın uzunluğu 8,74 km, maksimum eni 2,15 km, sahil xəttinin uzunluğu 23,3 km, maksimum dərinliyi 28,5 metr, ölü həcmi səviyyəsində isə 14,5 metrdir, su güzgüsünün sahəsi 1389 hektar təşkil edir. Qidalanma mənbəyi Samurçay, Vəlvələçay və Qudiyalçay çaylarından su götürən Samur-Abşeron kanalıdır.
Ceyranbatan su anbarı içməli su mənbəyi olduğuna görə, 1960-cı ildə onun ətrafında üç zolaqdan ibarət sanitar-mühafizə zonası yaradılmışdır. 2001-ci ildə Ceyranbatan su anbarının 1-ci sanitar-mühafizə zonası genişləndirilərək hasara alınmışdır. Eyni zamanda, Ceyranbatan su anbarının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq tədbirlər (meşəsalma, sututucu kanallar və s.) həyata keçirlişmişdir.

Sərsəng su anbarı.

 Sərsəng su anbarı Tərtər çayı üzərində 1976-cı ildə inşa edilmişdir. Onun ümumi sututumu 560 mln.kbm, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən yüksək su anbarıdır. Sərsəng su anbarı hazırda işğalda olan Ağdərə rayonunun ərazisindədir. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Qeyd etmək lazımdır ki, işğal zonasında Sərsəng su anbarından başqa ümumi tutumu 80 mln.kbm olan digər su anbarları da qalmışdır. Yalnız Sərsəng su anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəz olunmaz zərər vurmuşdur. Hazırda su anbarına və onun qurğularına 10 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. Bu səbəbdən Sərsəng su anbarının işğal olunmuş ərazilərdə qalması onun aşağı byefində yerləşən 400 min nəfər əhali üçün ciddi təhlükə yaradır.

Xanbulançay su anbarı.

1976-cı ildə istismara verilmişdir. Ümumi sututumu 52 mln. m3-dir. Bəndin hündürlüyü 64 m, üstdən uzunluğu isə 550 m-dir. Su anbarının istifadəyə verilməsi ilə respublikanın subtropik zonasında 22,0 min hektar torpaq sahəsinin suvarılması təmin edilmişdir. Su anbarını lazımi miqdarda axınla təmin etmək üçün Bəşəriçay üzərində sərfi 10 m3/san olan dağ tipli suqəbuledici tikilmişdir. Suvarma ərazilərinə su sərfləri 2,2 və 8,8 m3/san və uzunluqları 7,8 və 8,2 km olan Sağ və Sol sahil Xanbulançay kanalları ilə verilir.

Viləşçay su anbarı.

Su anbarının həcmi 46,0 mln. m3, topaq bəndinin hündürlüyü 37 m və üstdən uzunluğu 3,2 km-dir. Anbarın 2-ci növbəsinin tikintisi ilə bəndin hündürlüyünün daha 15 m qaldırılması və anbarın həcminin 130 mln. m3-ə çatdırılacağı nəzərdə tutulmuşdur. Vayxır su anbarı. Su anbarının tikintisi 2005-ci ildə başa çatdırılmışdır. Onun ümumi sututumu 100 mln.kbm, bəndinin uzunluğu 550 m, hündürlüyü 70,5 m-dir. Su anbarı Naxçıvan Muxtar Respublikasının Babək, Şahbuz və Culfa rayonlarında 6,9 min hektar yeni torpaqların suvarılması və 9,9 min hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması məqsədi ilə nəzərdə tutulmuşdur

Leave a Reply

Your email address will not be published. Required fields are marked *