Son günlər Nabatat bağı ilə bağlı yayılan məlumatlar adamı dəhşətə gətirir. Məlumatlarda deyilir ki, Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında (AMEA/MNB) elmi tədqiqat əhəmiyyətli yenidənqurma və abadlıq işləri həyata keçirilir. Yayılan şəkillərə və vidio lentlərə baxdıqda bunun nə olduğu hər kəsə aydın olur. Ağacların vəhşicəsinə qırılması, xüsusən bu vandalizmin gecə vaxtı həyata keçirilməsi nə vaxtdan yenidən qurma, abadlıq işləri adlanır. Qarabağda ekoloji terrora, Soyqırıma məruz qalan ecazkar təbiətimizdən, nadir endemik ağaclarımızın kütləvi qırılmasından, məhv edilən cox nadir flora və faunamızdan sonra mən deyərdim ki, bu hadisə Azərbaycan təbiətinə və elminə qarşı aparılan ağır ekoloji terror hadisısidir. Özüdə bu, son dövrlərdə yaşıllıqlarına ciddi zərbə vurulan Bakının mərkəzində həyata keşirilir. Atmosfer havasının çirkliliyinə görə Bakı şəhəri dünyanın ən çirkli şəhəri hesab olunur. Mərkəzi Nəbatat Bağının 80 yaşı var. Artıq bu bağ yox meşə ərazisi idi. Bir meşə ərazisi salmaq üçün ən azı 25 il vaxt tələb olunur. Gözəl mikroklimatı var idi. Bu bağ salınanda o ərazilərdə heç bir kommunikasiya xətləri keçmirdi, o cümlədən yüksək gərginlikli elektrik kabelləri, iri tutumlu istilik və su boruları keçmirdi ki, indi bu ərazinin istifadəsini məhdudlaşdırsın. Bunu özlərinə haqq qazandırmaq üçün deyirlər. Əgər sonralar hansı kəmər çəkilibsə və mane olursa da, bu bağın ətrafında olmalıdır, onun yerinin dəyişdirilməsi daha məqsədəuyğun olardı və ətraf mühitə daha az ziyan dəyərdi. Ən ağrılısı odur k, bu ölkənin elmi müəssisəsi idi və bura baş elmi idarə olan AMEA rəhbərlik edir. AMEA-nın nəzdində Botanika İnstitutu fəaliyyət göstərir, uzun illərdir ki, onlar burada elmi tədqiqat işləri aparırlar. Çox təəsuf olsun ki, burada işləyin alimlərimizin heç bir reaksiyasını görmürük. Daha maraqlısı isə budur ki, Azərbaycanda aparıcı ekoloji QHT-nın 90%-i AMEA-nın alimləri tərəfindən yaradılıb və beynəlxalq səviyyədə tanınmış təşkilatlar kimi fəaliyyət gostərirlər. Onlardan da baş verən bu ekoloji terror hadisəsinə heç bir munasibət görmədik. Bu sükutu pozan jurnalistlər və ETSN oldu. Onlar sorğu göndərməsəydi yəqinki, bu məsələ belə ictimailəşməzdi. Mən öz adımdan və minlərlə mənim kimi vətənini torpağını sadə bir vətəndaş kimi təmənnasız sevən insanlar adından onlara təşəkur edirəm və deyirəm ki, nə yaxşı ki, siz varsınız .
Qarabağda vaxtı ilə yalnız orada bitən və dünyada analoqu olmayan nadir bitkilər hal-hazırda məhv edilib. Onlar haqqında heç bir məlumat belə yoxdur. Bu yaxınlarda oxuduğum bir məqalədə müəllif AMEA-nın Nəbatat Bağının direktorundan müsahibə almişdı. Onun sözlərini olduğu kimi sizin diqqətinizə çatdırıram. Müəllif məqalədə yazır: “o bitkilərin əksəriyyəti Nəbatat bağında əkilib becərilir. Oruc müəllimin (AMEA-nın Nəbatat Bağının keçmiş direktoru, AMEA-nın müxbir üzvü Oruc İbadlının) dediyinə görə, o, vaxtilə torpaqlarımızı qarış-qarış gəzərək nadir və nəsli kəsilməkdə olan bitkiləri Nəbatat bağına toplayıb: “Xoşbəxtlikdən o bitkilərin bir çoxu Nəbatat bağındadır. Biz onlar üzərində tədqiqat işləri aparırıq. İnşallah, torpaqlarımız işğaldan azad edildikdən sonra biz o bitkiləri yerinə qaytaracağıq.” İnanmaq olmur ki, bu cür işlər görən alimlər bu bağın məhv edilməsinə sükut içində dözürlər. Bu məsələlərdən qaynaqlanan bir çox sullar məni narahat edir. Görəsən Nəbatat bağında qorunan o bitkilər indi nə vəziyyətdədirr? Görəsən onlar məhv edilibmi? Onları kim və necə qoruyur? Görəsən qorunurmu? Bəlkə Nabatat bağında qorunan o bitkiləri məhv etmək üçün bu soyqırım aparılır? İndi sıra Mərdəkan Dendralogiya Parkınındırmı? Görəsən Mərdəkan Dendralogiya Parkı da bu talehi yaşayacaqmı? Bəlkə bu hadisələr elə bir mərkəzdən idarə olunur və Azərbaycan xalqını, onun suyunu, havasını, torpağını məhv etməyə yönəlib? Bu hadisələrə görə məsuliyyəti kim daşıyır? Dünyaya bir çox alimlər bəxş edən Azərbaycanın elm mərkəzi olan AMEA – nın bu hadisələrin onların tabeçiliyində olan bu elmi mərkəzdə baş verməsinə necə yol verilib? Nə üçün ölkənin bütün yaşılıqları ETSN – nin tabeçiliyinə verilmir?
Artıq dünyada hər kəsə məlumdur ki, iqlim dəyişikliyi baş verir və geriyə yol yoxdur. Azərbaycana xaricdən çox baha qiymətə gətirilən, ətraf mühitə xeyri olmayan dekorativ əndirəbadi bitkilər, ölkənin iqliminə təsir edir, onu dəyişdirir ki, bu da düya çapında gedən iqlin dəyişikliyinin sürətlənməsinə xidmət edir. Bu bitkilər landşaftı dəyişdirir, bizim torpağımıza, suyumuza, havamıza, sağlamlığımıza və qida maddələrimizə mənfi təsir edir. İnsanın necə əli gəlir ki, isti iqlimi olan bir ölkənin ətraf mühit üçün onun yaxşılaşmasına xidmət edən, havasına təsir edən, isti günlərdə kölgəlik yaradan, iri gövdəli, yaşıl iri çətiri olan qocaman ağacı kəsib, yerinə ətraf mühitə xeyri olmayan, iqlimi dəyişməsini sürətləndirən eybəcər bir bitki əksin. Dünyanın heç bir yerində belə bir təcrübə yoxdur. Ən pisi odur ki, bu Azərbaycanın bütün bölgələrində baş verir. İtaliyada hələ bir neçə il bundan əvvəl ölkə ərazisində bitən bütün ağacları saymışdılar. Hər bir italyana 200 agac düşürdü. Görəsən Azərbaycanda 200 adama bir ağac düşürmü? Bakı şəhərində bir dənə də olsun qovaq ağacı qalmayıb. Amerikalı alimlər sübut ediblər ki, qovaq ağacı havada olan xlorlu birləşmələri 90% – ə qədər təmizləyir. Dünyanın bir sıra ölkələrində bu ağaclardan ibarət meşə sahələri var. Şəhərdə bir dənə də olsa akasiya ağacı qalmayıb. Səkilərin kənarında vaxtı ilə bitən bu ağacların ətri küçədən keçənlərin əhval ruhiiəsinə xoş təsir bağışlayırdı. Yağış yağan zaman salxım söyüdün gözəlliyi ətrafa xüsusi yaraşıq verirdi. Alimlər hesablamışlar ki, bir çinar ağacı gündə 200 litr su buxarlandırır, 10 saat ərzində 20,5 kq dəm qazını, 24 kq karbon qazını mənimsəyir, 17 kq oksigen buraxır. Bu ağacın bir gündə buraxdığı oksigen həmin vaxt ərzində 58 adama çatır. Atmosferin aşağı qatında olan tozun 70 % – i ağacların, kolların və otların üstünə çökür. Bir hektar meşə hər il 15 ton karbon qazı udur, təxminən 11 min ton oksigen buraxır. 40 – 50 m hündürlükdə olan ağaclar hava qatında olan karbon qazının, demək olar ki, hamısını udmaq xüsusiyyətinə malikdir. Havanın bir kubmetrində 20 milliqram karbon qazı olsa, bu insan üçün ölüm deməkdir. Bir hektar çinar meşəsi bir saatda 8 kq karbon qazı mənimsəyir, bu isə həmin müddət ərzində 200 nəfərin tələffüzü zamanı buraxılan karbon qazına bərabərdir. Bir hektar ardıc meşəsi böyük bir şəhərin zibilliklərində əmələ gələn zərərli bakteriyaları məhv edə bilir. Ağaclar torpaqların münbitliyini, sağlamlığını qoruyan, onu hər cür bəladan, xəstəlikdən mühafizə edən elə böyük xilaskardır ki, onun xidmətini heç nə ilə əvəz etmək olmaz. Nabatat Bağı üçün vaxtı ilə 80-100 hektar sahə ayrılıbmışdı. Ətraf mühit üçün nə qədər faydası var idi.
İqlim dəyişikliyi bu gün planetimizin üzləşdiyi ən böyük təhlükədir… Planetin istiləşməsi, bizim dayanıqlı hıyatımız üçün hava şəraitini, su təchizatını, bitkilərin mövsümi artımını dəyişir. İqlim dəyişikliyi artıq başlayıb. İqlim dəyişikliyinin qarşısını almaq üçün hələ də bizim vaxtımız var. Bizim qabaqlayıcı tədbirlər görməyimiz hələ çox da gec deyildir. İqlim dəyişikliyi ilə mübarizənin ən mühüm yolu yaşılıqların, artırılması və mühafizəsidir. Bəs biz nə edirik? Artırmaq inkişaf etdirmək əvəzinə məv edirik.
Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının saytında olan məlumatları sizin diqqətinizə çatdırmaq istəyirəm.
Nəbatat Bağinin Tarixi:
“1934-cü ilin iyul ayının 3-də Nəbatat bağı və Nəbatat İnstitutu üçün Dağüstü parkdan (indiki “Şəhidlər xiyabanı”ndan) başlamış “Qurd qapısı”na gedən yol arasında 80-100 hektar sahə ayrılması və sahənin su ilə təchiz edilməsi barədə qərar qəbul edilir.
Abşeron yarımadasının cənubi-şərq hissəsində, dəniz səviyyəsindən 105-135 metr hündürlükdə salınan Bakı Nəbatat bağı Bakının cənub-şərq sisteminin yaşıl zonasına daxil olaraq, eyni zamanda onun yaşıl mədəni-mərkəzlərindən biri hesab olunur.
Bakı Nəbatat bağının elmi əhəmiyyəti kserofit floranın bütün məcmusu ilə nümayiş etdirilməsinin təkcə Sovetlər məkanında deyil, eləcə də Avropada analoqunun olmaması ilə müəyyən edilir. Bu Bakı şəhərinin coğrafi cəhətdən Asiya və Avropa florasının qovuşuğunda yerləşməsi ilə izah olunur. Bundan əlavə Bakıda botanikləri öz ətrafında birləşdirən Nəbatat bağının olması, onu elmi-tədqiqat işlərinin və botaniki fikrin mərkəzi etdi.
Nəbatat bağında respublikamızda bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədi ilə Azərbaycanda və xarici ölkələrdə bitən bəzək, dərman, efiryağlı və digər faydalı bitkilərin introduksiyası və iqlimləşdirilməsi, bitki genofondunun, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitkilərin çoxaldılması və mühafizəsi üzərində geniş elmi-tədqiqat işləri aparılır.
Nəbatat bağında dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən Azərbaycan florasından olan 2000-dən artıq ağac, kol, çiçək və ot bitkilərinin kolleksiyası toplanmışdır.
960-1978-ci illər bağın çiçəkləndiyi illər hesab olunur. Bu illərdə Nəbatat bağı Bakı, Gəncə, Sumqayıt şəhərlərinin və Naxçıvan MR-nın yaşıllaşdırılması üçün 100 növdən ibarət 10 minlərlə ağac, kol və çiçək bitkiləri vermiş, o cümlədən Bakı şəhərinin Yaşıllaşdırma İdarəsinə və Abşeronun sənaye müəssisələrinə, Bakı Məişət Kondisionerləri zavoduna, Azərelektroterm, radio, gəmi təmiri zavodlarına, məktəb və bağçaların yaşıllaşdırmasına köməklik göstərmişdir.
Həmin illərdə Nəbatat bağı 70 xarici ölkənin 290 Nəbatat bağları ilə toxum mübadiləsi aparmış, dərman, efiryağlı, sənaye və bəzək əhəmiyyətli bitkilərin aqrotexniki tövsiyələrini hazırlayıb təsərrüfatlara vermişdir.
Hazırda Bağda Qafqaz florasından olan 125 növ nadir və nəslikəsilməkdə olan və adları keçmiş SSRİ-nin və Azərbaycanın “Qırmızı Kitab”larına daxil edilmiş bitki kolleksiyası vardır. Mərkəzi Nəbatat Bağının nəzdində Elmi Şura və aspirantura fəaliyyət göstərir.
Mərkəzi Nəbatat Bağı bir mədəni-maarif ocağı, yaşıllıq məbədi, respublikamızın canlı yaşıl muzeyi olmaqla, qiymətli, nadir bitkilərin genofondunun qoruyub saxlanması və mühafizəsində əvəzsiz rola malikdir.
http://www.aznabatat.com/az/az.htm
Eko Aləm İB Sevil Yüzbaşeva