Forumun plenar iclasında Avropa Komissiyasının Genişləndirmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Stefan Füle, İnsan haqları üzrə BMT Şurasının vitse-sədri Kristian Ştroxal, İsveçin Avropa Birliyi üzrə naziri Birqitta Ohisson, Polşanın dövlət katibi Karatzina Petçinska-Naleçs, Moldova Xarici İşlər Nazirinin müavini Nataliya German və başqaları çıxış edib.
Forumda Azərbaycan nümayəndə heyəti siyasi, iqtisadi, ekoloji, sosial və digər istiqamətlər üzrə panel müzakirələrinə qoşulub və ölkədə vəziyyəti xarakterizə edən çıxışlar edib. Forumda həmçinin növbəti 1 il üçün İdarə Heyəti formalaşdırılıb. Forumun gedişində keçirilən seçkilər zamanı İctimai Təşəbbüslərə Yardım Mərkəzinin sədri Qubad İbadoğlu katibliyi Brüsseldə yerləşən Vətəndaş Cəmiyyəti Forumunun beynəlxalq İdarə Heyətinin üzvü və Azərbaycan üzrə Platformanın milli əlaqələndiricisi seçilib.