Bütün heyvanları müdafiə təşkilatları 24 aprel gününü laboratoriya heyvanlarının müdafiəsi günü kimi qeyd edir. Bu gün, xəstə heyvanlar üzərində təcrübə aparılmasına qarşı çıxan Beynəlxalq assosiasiya tərəfindən 1979-cu ildən etibarən qeyd edilməkdədir. Məhz bu ildən etibarən bütün əlaqəli təşkilatlar laboratoriya heyvanlarının üzərində təcrübə aparılmasına qarşı çıxmağa başladılar.
Lap qədim zamanlardan heyvanlar üzərində təcrübələr aparılırdı, lakin bütün bunlar sadəcə epizodik xarakter daşıyırdı. Bir anlayış kimi isə “laboratoriya heyvanı” məhz XIX əsrin sonlarında eksperimental biologiya və tibb elminin inkişafı ilə əlaqədar formalaşdı. XX əsrin ikinci yarısından etibarən heyvanlar üzərində aparılan elmi təcrübələr ayrıca istiqamət kimi fəaliyyətə başladı. Başda siçan və meymunlar olmaqla, laboratoriya heyvanları patoloji proseslərin araşdırılmasında, qida əlavələrində, kosmetik vasitələrin tərkibində və üzvi kimyada istifadə olunmağa başlandı.
Elmin inkişafının ilk mərhələlərində laboratoriya heyvanları ilə bağlı etik məsələlər aktual deyildi. Hazırda isə bioetika həm alimlərin, həm də cəmiyyətin əsas diqqət mərkəzində olan məsələlərdən biridir.