Azərbaycan Respublikasının ərazisində, Böyük Qafqazın cənub-şimal qurtaracağında Xəzər dənizinin qərb sahilində Qobustanla həmsərhəd olam böyük yarımada Abşeron yarimadasidır. Uzunluğu təqribən 60 km, ən geniş yerdə eni 30 km-dir. Abşeron yarımadasının səthi geniş düzənlikdən, bir-birindən dərə və çökəkliklərlə ayrılan tirə, yayla və təpəliklərdən ibarətdir. Abşeron yarımadasının qərb hissəsi nisbətən yüksəkdir. Sahilboyu hissə okean səviyyəsindən 28 m-ədək aşağıdır. Mənbələrdə “Abşeron” ifadəsinə 18 əsrin əvvələrində rast gəlmək olur. “Abşeron” sözünün mənşəyi haqqında bir neçə ehtimal var. Bə”ziləri bu adın “Əfşəran” sözündən (sonralar təhrif edilərək “Apşeron”, “Abşeron”)sözünün yarandığını və Əfşarlar ilə əlaqədar olduğunu göstərirlər. Digərləri isə “Abşeron”un farsça ab (su) və şoran (duzlu) sözlərindən əmələ gəldiyini güman edirlər. Ölkə əhalisinin təxminən 40 faizinin və sənaye potensialının 70 faizinin cəmləşdiyi bu ərazi, ekoloji cəhətdən respublikanın ən gərgin regionudur. Ümumi sahəsi 222 min hektar olan Abşeron yarımadasındakı yararsız torpaqların, yəni üst qatı pozulmuş, çirklənməyə məruz qalmasa da, öz təbii imkanlarını itirmiş torpaqların sahəsi 30 min hektara qədərdir. Bunun neftlə çirklənmiş hissəsi 10,6 min hektara yaxındır. Neft və neft məhsulları ilə ən çox çirklənmiş torpaq sahələri Qaradağ, Binəqədi, Sabunçu, Suraxanı, Əzizbəyov və Səbail rayonları ərazisindədir. Abşeron yarımadasının ekoloji problemlərindən biri sənaye və məişət sularından əmələ gəlmiş və bu sularla çirklənmiş göllərdir. Abşeron yarımadasının gölləri yarımadada iqlim şəraitinin formalaşmasına və bütövlükdə ölkə əhalisinin sıx məskunlaşdığı bu ərazidə ekoloji şəraitə ciddi təsir göstərir.Ümumi sahəsi 3325 hektara yaxın 800-ə qədər göldən, 200-ü nisbətən iri göllərdir. Onların tərkibinə hər il 40 milyon kubmetrdən çox çirkab və yaxud lay suları axıdılır. Göllərin ekoloji vəziyyətini gərginləşdirən əsas amillər neftlə çirklənmə, istehsal, sənaye mənşəli tullantı suları, kommunikasiya sistemləri ilə təchiz olunmadan inşa edilən çoxsaylı yeni yaşayış evlərindən və ictimai binalardan axıdılan məişət və təsərrüfat sularından ibarətdir. Yarımadada quru iqlimin bərqərar olduğu, atmosfer yağıntılarının illik miqdarının 200-300 mm, mümkün buxarlanmanın isə yağıntılardan 3-4 dəfə artıq olması, yay dövründə quruma həddinə çataraq, suyunun ifrat dərəcədə şorlaşıb dibinə duz çökdürməsi bu göllər üçün xarakterikdir. Abşeron yarımadasında neft-qaz yataqlarının kəşfiyyatı və istismarı ilə əlaqədar olaraq yaranan süni göl və gölməçələrin əksəriyyəti neftlə birgə çıxan lay sularının uzun müddət təmizlənmədən ətraf mühitə atılması nəticəsində əmələ gəlmişdir. Abşeronda sənayenin sürətli inkişafı əhalinin sayının artmasına və nəticədə çoxlu sayda yaşayış massivlərinin tikilməsinə səbəb olmuşdur.Yaşayış massivlərində isə vahid kanalizasiya sistemləri qurulmadığına görə onların kommunal-məişət, tullantı suları yaxında olan göllərə və ətraf ərazilərə axıdılır. Nəticədə həmin su hövzələri zərərli maddələrlə çirklənərək gərgin ekoloji ərazilərə çevrilmişdir. Böyükşor, Bülbülə, Qırmızıgöl, Xocasən və Çuxurdərə gölləri daha çox çirklənməyə məruz qalmışdır. Bu göllərdə zərərli maddələrin miqdarı normadan 8-12 dəfə artıqdır. Bu göllər artıq böyüməkdə olan Bakı şəhərinin ərazisinin genişlənməsinə mane olur. Böyükşor Abşeron yarımadasının mərkəzində, Binəqədi, Sabunçu və Nərimanov rayonları ərazisində yerləşən böyük göldür. Aparılmış müşahidələrin nəticələrinə əsasən göl akvatoriyasının açıq yerlərində dərinliklər 3,40-3,95 m, maksimal dərinlik isə 4,20 m təşkil edir. Gölün yaxın hissələrində dərinlik 0,50-1,70 m arasında dəyişir. Oval formada olan gölün uzunluğu şimal-qərbdən cənub-şərqə doğru istiqamətlənməklə 10 km-ə çatır, maksimal eni isə 1,5-2,0 km-dir. Göl şimal tərəfdən qədim Xəzərin terrasından ibarət olan maili, cənubdan isə düzbucaqlı kəsilmiş yamacla əhatə olumuşdur. Hazırda Böyük-şor gölü, bütün ətraf ərazilərdən yeraltı su axınının yönəlmiş olduğu qapalı bir hövzədir. Suyunun minerallaşmasına görə Böyük-şor gölü şor sulu göllər qrupuna aiddir
Böyük-şor gölünə şəhərin Nərimanov, Sabunçu və Binəqədi rayonlarının göl ətrafında salınmış və kanalizasiya sistemləri ilə təchiz olunmayan məişət, ticarət və digər obyektlərindən, fərdi evlərdən tullantı suları axıdılır. Hal-hazırda 49 mənbədən gölə gün ərzində 18 min m3 sənaye və məişət suları daxil olur. Gölün əsas çirklənmə mənbələrindən biri gölün şərq hissəsində Suraxanı rayonu ərazisindəki Balaxanı zibilxanasıdır. Böyük-şor gölünün əsas çirklənmə mənbəyi keçən əsrin 30-cu illərindən başlayaraq ətraf ərazilərdə neft çıxarılması zamanı əmələ gələn neft-mədən sularının gölə axıdılması olmuşdur. Böyük-şor gölünün sularının minerallaşmasının artması ilə yanaşı suyun tərkibi kəskin şəkildə dəyişmişdir.
Statistik məlumatlara görə 1929-cu ildə Keşlə kanalı vasitəsilə gölə neft-mədən suları axıdılmışdır. Bu suların 60%-i bilavasitə qazma, qalanı isə mədənlərdə istifadə olunmuş, bilavasitə dənizdən su xətləri ilə götürülmüş sulardan ibarət olmuşdur. 1970-ci illərdən başlayaraq gölə fekal, təsərrüfat-məişət və sənaye suları axıdılmışdır. Təsərrüfat-fekal sular gölə təmizlənmə prosesi keçmədən, sistemsiz formada açıq kanal və çökəkliklər vasitəsilə axıdılmışdır ki, bu da ərazinin sanitariya vəziyyətini xeyli pisləşdirmiş, gölün dibi və sahil zolağı neft məhsullarının bitum qatı altında qalmışdır. İsti havalarda neft məhsullarının buxarlanması səbəbindən atmosferdə neftin yüngül konsentrasiyaları yayılaraq kəskin qoxu yaranmasına səbəb olur.
Suyun inteqral çirklənmə indeksinə əsaslanaraq demək olar ki, 2000-ci ildə Böyük-şor gölü keyfiyyət sinfinin çox çirkli su sinfinə aid оlmuşsа, bu göstərici 2004-cü ildən başlayaraq fövqəladə çirkli su sinfinə aid edilmişdir.
İlk dövrlərdə göl, əsasən, yeraltı sulardan qidalanırdısa, hazırda buraya çoxsaylı çirkab axınları mövcuddur. Gölün su səthi 1300 hektar, uzunluğu 10 kilometr, eni 1,5-2 kilometrdir. Dərinliyi 4-8 metr olan bu böyük göl 45 milyon kubmetrə qədər su saxlayır. Bu günə qədər gölün torpaq tökülməklə tamamilə qurudulmuş ərazisi 15 hektardan çoxdur.
Ərazisi 7,2 km2, suyunun həcmi isə 8,3 mln m3 olan Qırmızı göl Qaradağ ərazisində, Lökbatan qəsəbəsinin cənubunda yerləşir. Qırmızı gölə axıdılan çirkab sularının əsasını Lökbatan qəsəbəsinin məişət çirkab suları və Xocahəsən gölündən axan sular təşkil edir. Gölə çirkab sularının axıdılması onun suyunun oksigen rejiminin pozulmasına səbəb olub. 1976-cı ilə kimi bu göldən neft mədənlərindən çıxan lay sularının qəbuledici anbarı kimi istifadə olunmuşdur.
Qırmızı göl şor sulu göllər qrupuna aiddir. Ərazidə radiasiya fonu norma daxilindədir. Gölün uzun müddət antropogen təsirlərə məruz qalması, neft və neft məhsulları ilə, fenollarla həddindən artıq çirklənməsi və digər neqativ təsirlər nəticəsində onun geoloji quruluşu, torpaq süxurları, dibinin relyefi və digər parametrləri deqradasiyaya məruz qalmış, dib çöküntülərində çoxlu miqdarda neft məhsulları yığılmışdır.
Yasamal-1 gölünün ətrafında bir sıra abadlaşdırma və yaşıllaşdırma işləri görülüb, gölə axıdılan məişət-kommunal çirkab sularının qarşısı alınıb. Görülən işlər bilavasitə gölün ekoloji vəziyyətinə müsbət təsirini göstərib. Belə ki, gölün oksigen rejmi tam bərpa olunub və suda həll olmuş oksigenin konsentrasiyası yüksəlib, onun biokimyəvi sərfi digər göllər ilə müqayisədə kəskin şəkildə azalıb. Göl suyunun minerallaşmasına görə Yasamal-1 gölü şortəhər sulu göllər qrupuna aiddir. Suyun spesifik çirkləndiricilərndən ancaq fenollar və misin miqdarı normanı bir qədər aşır, bu da onların uzun illər ərzində gölün dibində toplanması və yenidən suyun üst qatlarına qalxması ilə əlaqədardır (təkrar çirklənmə prosesləri). Yasamal-1 gölünün müasir ekoloji vəziyyəti qənaətbəxşdir.
Masazır gölünə, əsasən Masazır və Novxanı kəndlərinin məişət-kommunal suları axıdılır. Suyunun minerallaşmasına görə Masazır gölü şor sulu göllər qrupuna aiddir. Suyun ion tərkibində xloridlər və sulfatlar üstünlük təşkil edir. Masazır gölünün suları kifayət qədər yüksək çirklənməyə məruz qalmışdır.
Kürdəxanı gölünə ətraf qəsəbələrin məişət-təsərrüfat çirkab suları axıdılır. Kürdəxanı gölü şortəhər sulu göllər qrupuna aiddir. Tədqiq olunan gölün oksigen rejimi pozulub.
Bülbülə gölü də Böyük şor gölü kimi yüksək dərəcədə antropogen təsirə məruz qalır. Suyunun minerallaşmasına görə Bülbülə gölü şortəhər sulu göllər qrupuna aiddir. Çoxillik müşahidələr göstərir ki, Bülbülə gölü Böyük-şor gölü ilə müqayisədə çirklənməyə nisbətən aşağı dərəcədə məruz qalır.
Xocahəsən gölünə atılan çirkab sularının 80%-ə qədəri kommunal-məişət mənbəli tullantılardır. Suyun minerallaşmasına görə şortəhər sulu göllər qrupuna aiddir. Göl suyunun tərkibində xloridlərin miqdarı normadan dəfələrlə, sulfatlar isə bir necə dəfə yüksəkdir, bu da gölün dəniz suları ilə əlaqəli yeraltı sularla qidalanması ilə əlaqədardır.
Abşeron yarımadasındakı mühüm obyektlərdən biri də Ceyranbatan su anbarıdır ki, əsas problemlərdən biri də Ceyranbatan su anbarı ilə bağlıdır.. Ceyranbatan su anbarının Bakı və Sumqayıt şəhərlərinin su ilə təchizatında xüsusi əhəmiyyəti vardır. Ceyranbatan su anbarı əsasən Samur çayının suyu hesabına Samur -Abşeron kanalı vasitəsilə doldurulur. Sahəsi 13,89 kvadratkilometr olan anbarın şərq yamacında inşa edilmiş yaşayış massivində 1500-dən artıq fərdi ev mövcuddur. Bundan əlavə, anbarın sanitar mühafizə zonasının ətraf ərazisində 12 müəssisə fəaliyyət göstərir. Sahənin tikinti normalarına uyğun əsaslı kanalizasiya sistemiylə təmin olunmaması, çirkab suların borularla birbaşa küçələrə axıdılması, yaşayış sahəsində məişət tullantı sularının toplanması üçün torpaq şambolardan istifadə olunması ilə əlaqədar problemlər yaranıb. Nəzərə alsaq ki, orada qrunt az gillidir, ənənəvi metodlardan istifadə edən əhali çirkab sularını həyətdəki quyularına buraxırlar ki, bu sular oradan süzülərək su anbarına axır və içməlin su hövzəsini çitkləndirərək əhali arasında müxtəlif yolxucu xəstəliklərin yaranması üçün şərait yaradır.
Aeroportun uçuş-enmə zolağının ətrafında olan rəngbərəng gölməçələri də qidalandıran mənbə həmin ərazidə olan neft qurğularından az miqdarda axan, lakin yüksək konsentrasiyalı tullantılarla bərabər, həmin kollektordan olan sızmalardır. İkincisi isə, həmin ətrafda yaradılan, infrastrukturu olmayan iri yaşayış məntəqələrinin tullantılarının axıdılmasıdır.
Bu göllərin çirklənməsində səbəbkarlar, ilk növbədə, neft-qaz çıxarma müəssisələri, yerli icra hakimiyyətləri, bələdiyyələrdir ki, onlar tərəfindən müxtəlif məqsədlər üçün torpaq ayırankən, bütün şəhərsalma normaları və ekoloji amillər nəzərə alınmır. Bundan başqa “Azərsu” Səhmdar Cəmiyyətidir ki, kanalizasiya şəbəkəsi yaşayış məntəqələrini tam əhatə etmir və axıntı suları lazımi səviyyədə təmizlənmir. Bakı buxtasının çirklənməsində ən çox günahkar təşkilatlar yenə də neft-qaz çıxarma və neft emalı müəssisələri, “Xəzərdənizneftdonanma”, Xəzər Dəniz Gəmiçiliyi, Beynəlxalq Dəniz Ticarət Limanı, “Azərsu” Səhmdar Cəmiyyəti, Bakı Şəhəri İcra Hakimiyyəti və bələdiyyələr və sairdir. Bütün bu qüsurları tezliklə aradan qaldırmaq üçün tədbirlər planı hazırlasınaraq həyata keçirilməlidir. Cənubi Qafqaz ölkələri arasında Azərbaycanın su ehtiyatları daha məhdud olub, Cənubi Qafqazın ümumi su ehtiyatının cəmi 15%-i təşkil edir. ərazi və adambaşına düşən su ehtiyatları Gürcüstandan müvafiq olaraq 7,7 və 8,3 dəfə, Ermənistandan isə 2,2 və 1,7 dəfə azdır. Su təminatına görə respublikamız dünyanın az təmin olunan regionlarından sayılır və təxminən 1 km2-ə 100 000 m3 su hər adambaşına isə il ərzində 950-1000 m3 su düşür. Statistika göstərir ki,yer kürəsindəki su ehtiyatlarının 97.5 % – i şor sulardan, 2.7 % – i içməli sudan ibarətdir. Insanlar bütün yeraltı və yerüstü içməli suyun ancaq bir faizdən azını istifadə edirlər. Qalan faizdən isə ya istifadə etmir, ya da israfçılığa yol verirlər. Bəşər tarixində çirkli sudan xəstələnib ölənlərin sayı, bütün müharibələrdə ölənlərin sayından 4 – 5 dəfə çoxdur.İnsan cəmiyyəti öz inkişaf tarixində elmi nailiyyətlər nəticəsində sənayeni inkişaf etdirərək, böyük nailiyyətlər əldə etmiş, istehsalı artmış, təbiətdən istifadəni isə gücləndirərək, ona ciddi ziyan vurmaqla, başqa bir problemlə – tullantı qazlarla, çirkablarla, bərk tullantılarla, səs-küylə, bir sözlə ətraf mühitin çirklənməsi ilə üzləşmişdir. İnsanın normal yaşamağı və inkişafı üçün birinci növbədə təmiz hava, saf içməli su və qida vacibdir, eyni zamanda yanacaq, paltar, ev, nəqliyyat vasitəsi və istehsalat alətləri lazımdır. O, öz tələbatını ödəmək üçün ona nə lazımdırsa, hamısını təbiətdən əldə edir: məhsul yetişdirmək, mal-qara saxlamaq, meşədən istifadə etmək, mə , dən işləri aparmaq, kömür, neft, qaz əldə etmək, fabrik, zavodlar tikmək və s. İnsanın istehsalat fəaliyyəti ətraf təbii mühitlə əlaqəsi olmadan baş verə bilməz.
Bir çox zavod və fabriklər təmizlənməmiş çirkabları dənizə axıtmışlar ki, bu da ancaq tək suyun keyfiyyətini pisləşdirməmiş, çirkablarda olan fenollar, neft məhsulları, ağır metallar torpağa hoparaq, həm torpağı, həm də yeraltı suları zəhərləyirlər. Tullantı qazların bir çox komponentləri (kükürd və azot oksidləri) atmosferin rütubəti ilə birləşərək turşulu yağış əmələ gətirmişlər. Şəhər çirkablarına gəldikdə isə bunlar əsasən sənaye çirkablarıdır.Xəzər dənizinə axıdılan çirkablar dənizdəki canlıların zəhərlənməsinə və məhv olmasına səbəb olmuşdur.
70 illik sovetlər dövründəki inkişafımıza nəzər salsaq, görərik ki, xalq təsərrüfatının istehsalında onun ayrı-ayrı sahələrində yaranan neqativ təsirlər ekoloji tarazlığın pozulması ilə nəticələnmişdir. Azərbaycanda birinci növbədə Abşeron yarımadasından torpaqlarımızın neft tullantıları, kimyəvi birləşmələr və s. ilə çirklənmişdir. Abşeronda 200-ə qədər süni və təbii göllərin neft və neft məhsulları ilə çirkləndiyinin şahidi oluruq, həmçinin bu çirklənməni təmizləmək üçün nə qədər vəsait, insan qüvvəsi lazım olduğunu hesablamaq da çox çətin olur.
Yuxarıda göstərilənlər onu subut edirlər ki, insanla təbiət arasında gedən maddi mübadilə prosesində əlavə effektlər baş verir, hansı ki, insanın sağlamlığına zərər vurur və həm də maddi nemətlər istehsalına mənfi təsir edir. Eyni zamanda, hər cür tullantının azaldılması ilə yanaşı, “tullantını gəlirə çevirmək” ən mühüm məsələlərdən biri kimi insanı düşündürməlidir.
Ekoloji tarazlıq qanunları pozulursa, bu, iqtisadiyyata mənfi təsir göstərir: torpağın eroziyası, heyvan tələfatı, balıqların məhv olması, neft məhsulları ilə çirklənmiş torpaqların əkin üçün yararsız hala düşməsi və s. Ekoloji tarazlıq təbiətin obyektiv qanunudur və o, yalnız bitki və heyvanat aləminin yox, eyni zamanda insanın da sağlamlığına təsir edir.
Ətraf mühitin çirklənməsi günü-gündən ciddiləşir. Bu obyektiv reallıqdır və biz bəzi ölkələrin prinsipi ilə hərəkət edə bilmərik: “əvvəl çirkləndirmək, sonra onun nəticələrini aradan qaldırmaq”.