Eko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Məişət tullantılarsız çevrəmiz” mövzusunda məktəblilərin iştirakı ilə maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi ilə iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur. Layihənin əsas məqsədi təbiət ərazilərinin məişət tullantıları ilə zibillənərək, çirklənməsinin qarşısının alınmasıdır və məktəblilərin təbiətin çirklənmələrdən qorunması işində fəallıqlarını artırmaqdır. Məişət tullantıları problemi ilə bağlı ölkəmizdə illərdir ki, müəyyən işlər görülsədə bu ekoloji problem hələdə öz həllini tapmamışdır. Balaxanı qəsəbəsində tikilən 20 hektar ərazidə inşa olunan və illik gücü 500 min ton təşkil edən zavod, 2012-ci ildə istifadəyə verilməsinə baxmayaraq, problem hələ tam həllini tapmamışdır. Apardığımız müşahidələr gostərir ki, ölkəmizdə məişət tullantılarının yaranması, atılması, toplanması, daşınması, çeşidlənməsi və zərərsizləşdirilməsi ilə bağlı vəziyyət qeyri-qənaətbəxşdir. Torpaqların məişət tullantıları ilə çirklənməsinin minimuma endirmək üçün məişət tullantılarını çeşidləməyə, daha az şey ataraq, azaltmağa çalışmaq lazımdır. Daha az zibil çıxartmağa, plastik torbalardan istifadə etməməyə, təkrar emala və təkrar istifadə olunan qablara üstünlük vermək lazımdır. Təşkilatımızın üzvlərinin bölgələrə səfərləri zamanı iri şəhərlərin mərkəzi küçələrində, ictimai yerlərdə dolub-daşan zibilqablarını, nadir qorunan təbiət ərazilərində, çayların, dənizinin sahilyaı ərazilərində, çimərlik ərazilərində, istirahət mərkəzlərinin ətrafında, uyğun olmayan yerlərdə yaradılan zibilxanaları hər addımda müşahidə edirlər. Bu vəziyyətlə hətda nisbətən həll olunmasına çalışılan Bakı şəhərinın mərkəzi küçələrində də rastlaşmaq mümkündür. Azərbaycanda məişət tullantıları problemi öz həllini gözləməkdədir. İnsanlar, düşünmədən məişət tullantılarını hara gəldi atır, nadir təbiət ərazilərini zibilləndirirlər. Ölkəmizdə məişət tullantılarının idarə edilməsi ciddi bir problemə çevrilmişdir.
Əgər insan təbiətə qarşı münasibətlərini, öz şəxsi vərdişlərini, düşüncə tərzlərini dəyişərsə və digərlərini bu işə təşviq edərsə, nəticədə ətraf mühitdə baş verən dəyişikliyi, yaranan fərqi hər kəs görər və hiss edər. İnsan üçün bu ekoloji problemləri həll etmək hələ də gec deyildir. Buna nail olmaq üçün ekoloji maarifləndirmənin aparılmasına ehtiyac vardır.
Eko Aləm İctimai Birliyi ekoloji maarifləndirməni öz fəaliyyətində prioritet olaraq seçmiş və mütəmadi olaraq bu sahədə fəaliyyət göstərir.
Eko Aləm İctimai Birliyi 1 may 2019-cı il tarixindən “Məişət tullantılarsız çevrəmiz mövzusunda məktəblilərin iştirakı ilə maarifləndirici tədbirlərin keçirilməsi” layihəsinin icrasına başlayır.
Eko Aləm İctimai Birliyinin
sədri: Sevil Yüzbaşeva