All posts by admin

SU ANBARLARI

Mingəçevir su anbarı.

Kür çayının Bozdağdan keçdiyi yerdə yaradılmış Mingəçevir su anbarı 1953-cü ildə istismara verilmişdir. Su anbarının normal dolma səviyyəsində (83 m) ümumi sututumu 15730 mln. m3, faydalı həcmi isə 8210 mln. m3-dir. Su anbarının çay boyu uzunluğu 70 km, eni 3 km-dən (bənddə) 18 km-ə qədər (Alazan çayı tökülən yerdə) dəyişir. Maksimal dərinliyi 75 m, orta dərinliyi 26 m, sahil xəttinin uzunluğu 247 km, su güzgüsünün sahəsi isə 605 km2-dir. Mingəçevir su anbarı bəndinin üstdən uzunluğu 1550 m, eni 16 m, hündürlüyü 80 m-dir.

Mingəçevir su anbarından Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalları su götürür. Su anbarından həmçinin balıqçılıq, su təc­hi­zatı və rekreasiya məqsədi üçün də istifadə olunur. Mingəçevir su anbarının bəndində ümumi gücü 371 min kvt olan 6 hidroaqreqatdan ibarət su-elektrik stansiyası (SES) tikilmişdir. Mingəçevir su anbarı istismara verildikdən sonra yalnız 1959, 1963, 1968, 1973, 1975, 1976, 1978 və 1988-ci illərdə tam həcmdə doldurulmuşdur.


Şəmkir su anbarı.

 Kür çayının üzərində tikilən Şəmkir su anbarı 1982-ci ildə istifadəyə verilmişdir. Anbarın ümumi sututumu 2677 mln. m3, faydalı həcmi isə 1425 mln.m3-dir. Anbarın normal dolma səviyyəsi 158 m, su güzgüsünün sahəsi 115,0 km2, bəndinin üstdən uzunluğu 4500 m, hündürlüyü isə 70 m-dir. Anbardan Şəmkir, Samux, Xanlar və Goranboy rayonları­nın 46 min. hektar torpaq sahələrini suvarmaq üçün Şəmkir maşın kanalına ikipilləli nasos stansiyası vasitəsilə su götürülür. Su anbarı kompleksinə daxil olan Şəmkir su-elektrik stansiyasında hər birinin gücü 190 min kvt olan 2 ədəd turbin quraşdırılmışdır.


Yenikənd su anbarı.

Şəmkir su anbarından 14 km aşağıda elektrik enerjisi istehsal etmək məqsədilə 2000-ci ildə istismara verilmişdir. Anbarın ümumi həcmi 158 mln. m3, faydalı həcmi isə136 mln. m3-dir.
Anbarın bəndində ümumi gücü 150 min.kvt olan 4 aqreqat quraşdırılması nəzərdə tutulmuşdur. Hazırda onlardan 112,5 min. kvt gücündə 3 aqreqat istismara verilmişdir. Anbarın suyu ilə Qarasaqqal arx kanalı vasitəsilə Samux rayonunun 6 min hektar torpaq sahəsi su ilə təmin edilir.

Ağstafaçay su anbarı.

1969-cu ildə tam istismara veril­miş­dir. Bəndin hündürlüyü 52 m, anbarın ümumi sututumu 120 mln. m3-dir. Su anbarı respublikanın qərb zonasında yerləşən Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında 135 min hektar suvarılan torpaqları su ilə təmin edir.

Varvara su anbarı.

 Kür çayının üzərində, Mingəçevir su anbarından 20 km aşağıda, ondan buraxılan suları gündəlik tənzimləmək və elektrik enerjisi istehsal etmək məqsədilə tikilmiş və 1952-ci ildə istismara verilmişdir. Su anbarının uzunluğu 13 km, normal səviyyədə maksi­mum eni 3,4 km-dir, dərinliyi 8,2 m, sahil xəttinin uzunluğu 31 km, su güzgüsünün sahəsi isə 20,5 km2-dir. Varvara su anbarında 3 aqreqatdan ibarət və ümumi gücü 16,5 min.kvt olan Varvara su-elektrik stansiyası fəaliyyət göstərir.

Araz su anbarı.

 Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhəd hissəsində Araz çayının üzərində yaradılmış, su anbarı 1971-ci ildə istifadəyə verilmişdir. Azərbaycan və İran İslam Respublikası dövlətləri tərəfindən birgə tikilmiş bu su anbarı energetika və suvarma məqsədləri üçün birgə də (paritet əsasında) istismar olunur. Araz su anbarının ümumi sututumu 1350 mln m3, faydalı həcmi 1150 mln.m3-dir. Su anbarının uzunluğu 52,0 km, maksimum eni 6,1 km, normal su səviyyəsində dərinliyi 18,2 m-dir. Araz su anbarı bəndinin hündürlüyü 34 m, bəndin üstdən uzunluğu 1026 m, eni isə 12 m-dir. Su anbarının istismara verilməsi ilə Azərbaycan və İran tərəfinin 400 min hektar suvarılan torpaq sahələri su ilə təmin edilmişdir.
Araz su-elektrik stansiyasında 2 ədədi İran İslam Respublikası ərazisində, 2 ədədi isə Azərbaycan Respublikası ərazisində olmaqla 4 ədəd turbin quraşdırılımışdır. Stansiyanın bir aqreqatının suburaxma qabiliyyəti 66,5 m3/san təşkil edir.

Ceyranbatan su anbarı.

Bakı və Sumqayıt şəhərlərində iç­mə­­li və texniki suya tələbatın kəskin artması ilə əlaqədar olaraq, Ceyranbatan su anbarının yaradılması 1958-ci ildə başa çatdırılmışdır. Su anbarının sututumu 186 mln. m3, faydalı həcmi 150 mln. m3-dur. Anbarın uzunluğu 8,74 km, maksimum eni 2,15 km, sahil xəttinin uzunluğu 23,3 km, maksimum dərinliyi 28,5 metr, ölü həcmi səviyyəsində isə 14,5 metrdir, su güzgüsünün sahəsi 1389 hektar təşkil edir. Qidalanma mənbəyi Samurçay, Vəlvələçay və Qudiyalçay çaylarından su götürən Samur-Abşeron kanalıdır.
Ceyranbatan su anbarı içməli su mənbəyi olduğuna görə, 1960-cı ildə onun ətrafında üç zolaqdan ibarət sanitar-mühafizə zonası yaradılmışdır. 2001-ci ildə Ceyranbatan su anbarının 1-ci sanitar-mühafizə zonası genişləndirilərək hasara alınmışdır. Eyni zamanda, Ceyranbatan su anbarının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq tədbirlər (meşəsalma, sututucu kanallar və s.) həyata keçirlişmişdir.

Sərsəng su anbarı.

 Sərsəng su anbarı Tərtər çayı üzərində 1976-cı ildə inşa edilmişdir. Onun ümumi sututumu 560 mln.kbm, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən yüksək su anbarıdır. Sərsəng su anbarı hazırda işğalda olan Ağdərə rayonunun ərazisindədir. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Qeyd etmək lazımdır ki, işğal zonasında Sərsəng su anbarından başqa ümumi tutumu 80 mln.kbm olan digər su anbarları da qalmışdır. Yalnız Sərsəng su anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəz olunmaz zərər vurmuşdur. Hazırda su anbarına və onun qurğularına 10 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. Bu səbəbdən Sərsəng su anbarının işğal olunmuş ərazilərdə qalması onun aşağı byefində yerləşən 400 min nəfər əhali üçün ciddi təhlükə yaradır.

Xanbulançay su anbarı.

1976-cı ildə istismara verilmişdir. Ümumi sututumu 52 mln. m3-dir. Bəndin hündürlüyü 64 m, üstdən uzunluğu isə 550 m-dir. Su anbarının istifadəyə verilməsi ilə respublikanın subtropik zonasında 22,0 min hektar torpaq sahəsinin suvarılması təmin edilmişdir. Su anbarını lazımi miqdarda axınla təmin etmək üçün Bəşəriçay üzərində sərfi 10 m3/san olan dağ tipli suqəbuledici tikilmişdir. Suvarma ərazilərinə su sərfləri 2,2 və 8,8 m3/san və uzunluqları 7,8 və 8,2 km olan Sağ və Sol sahil Xanbulançay kanalları ilə verilir.

Viləşçay su anbarı.

Su anbarının həcmi 46,0 mln. m3, topaq bəndinin hündürlüyü 37 m və üstdən uzunluğu 3,2 km-dir. Anbarın 2-ci növbəsinin tikintisi ilə bəndin hündürlüyünün daha 15 m qaldırılması və anbarın həcminin 130 mln. m3-ə çatdırılacağı nəzərdə tutulmuşdur. Vayxır su anbarı. Su anbarının tikintisi 2005-ci ildə başa çatdırılmışdır. Onun ümumi sututumu 100 mln.kbm, bəndinin uzunluğu 550 m, hündürlüyü 70,5 m-dir. Su anbarı Naxçıvan Muxtar Respublikasının Babək, Şahbuz və Culfa rayonlarında 6,9 min hektar yeni torpaqların suvarılması və 9,9 min hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması məqsədi ilə nəzərdə tutulmuşdur

AZƏRBAYCAN ÇAYLARI

Azərbaycan Respublikası Qafqazın cənubi-şərqində və cənubunda kiçik bir hissəni tutur. Onun ərazisinə Böyük Qafqazın cənubi-şərq hissəsi, Kiçik Qafqaz, Talış və onların arasında yerləşmiş geniş Kür-Araz ovalıqları daxildir. Respublika coğrafi baxımdan Avroasiyanın çıxışı olmayan hissəsində, Aral-Xəzər çökəkliyi ilə sıx əlaqələnən və Avropanı Asiya qitəsindən şərti olaraq ayıran sərhəddin yaxınlığında yerləşir.

Respublikanın quru hissəsi ilə yanaşı onun tərkibinə daxil olan və Xəzərin qərb sahilyanı ərazisində yerləşən Böyük Zirə, Çilov, Xara Zirə, Səngi-Muğan, Gil və s. adaları göstərmək olar.

Azərbaycan şimaldan Rusiya Federasiyası ilə (340 km), şimali-qərbdən Gürcüstan ilə (340 km), cənubi-qərbdən Türkiyə ilə (11 km) və Ermənistanla (760 km) həmsərhəddir. Ermənistan həm də Azərbaycanı Naxçıvan MR-dan ayıyır. Respublika İranla 600 km, şərq sərhəddi Xəzər dənizi vasitəsilə Rusiya, Türkmənistan və İranla sahilyanı xətlə 820 km-dən artıq bir məsafədə qovuşur. Sərhədlərin əsas hissəsi təbii sərhədlərdən (çaylar və su ayrıcı dağ silsilələri) və yalnız bəzi yerlərdə şərti xətlərdən ibarətdir.

Azərbaycanın ərazisinin orta hündürlüyü 657 metr olub, 4466 metr (Bazar-düzü) və mənfi 27 metr (Xəzər dənizi sahilyanı hissələrdə) arasında dəyişir. Azərbaycanın ərazisinin 44, 5 min kvadrat km-i dağlıq hissədən ibarətdir. Ərazisinin 18 %-i dünya okeanı səviyyəsindən aşağıdır. Geomorfoloji cəhətdən ərazini 4 böyük hissəyə ayırırlar: Böyük Qafqaz (Böyük Qafqaz sıra dağları), Kiçik Qafqaz (Kiçik Qafqaz dağlarının şərq hissəsi və Naxçıvan), Kür-Araz düzənliyi və Lənkəran ovalığı ilə Talış dağlıq hissəsi.

Respublika ərazisinin relyef quruluşu yerüstü suların Xəzərə axması üçün əlverişli şərait yaradır. Bəzi hallarda sular çıxışı olmayan göllərdə (Acınohur və b.) yığılıb qalır. Geniş Kür-Araz ovalığı və dağ aşırımlarının respublikanın bölgələrində qruplaşması, zəif də olsa ərazinin ayrı-ayrı çay hövzələrinə parçalanması Kür çayına üstünlük verir. Azərbaycanın şimali-şərq çayları və Talış dağ ətəyi müstəsna olmaqla bütün qalan sular – Qara Su, Böyük və Kiçik Qafqazın bütün bulaq gölləri Şərqi Zaqafqaziyanın əsas çay hövzəsi olan Kürə aiddir.

Azərbaycan çaylarını aşağıdakı 3 əsas qrupa bölmək olar:

  1. Azərbaycanın Kür hövzəsinə aid olan mərkəzi və qərb çayları;
  2. Azərbaycanın biləvasitə orta Xəzərə axan şimali-şərq çayları;
  3. Biləvasitə Xəzərin cənubuna axan cənubi-şərq çayları.

Azərbaycan ərazisindən irili-xırdalı 8550-dən artıq axar sudan ibarət çay sistemi vardır ki onların bütövlikdə ümumi uzunluğu 33665 km. təşkil edir. Bütün bu çayların su toplayıcı sahəsi 85500 kv. km. qəbul edilir. Çayların 7550-sinin uzunluğu 5 km-dən az olan çaylardır. Qalan 800 çaydan yalnız 65-nin uzunluğu 50 km-ə qədər, 735-inin uzunluğu isə 6 km ilə 50 km arasında dəyişir.

Azərbaycan ərazisindən axan ən iri çay Kür və onun sağ qolu Araz çayıdır.

Respublikanın qalan çaylarını bir-birindən kəsgin surətdə fərqləndirən iki böyük qrupa bölmək olar: dağ çayları və düzənlik çayları. Birincilər öz mənbəini dəniz səviyyəsindən 2000-3500 m hündürlükdə olan dağlardan götürür, öz axarlarında çay pillələri və şəlalələr əmələ gətirir, dərin dərələrlə axır və düzənliklərə çıxdıqda güclü yarğanlar əmələ gətirərək çoxlu qollara ayrılırlar. Onlardan bəziləri tez-tez öz axarlarını dəyişir digərləri isə yerin altı ilə sızaraq itir yaxud kiçik bataqlıqlar əmələ gətirirlər.

İkincilər başlıca olaraq maili düzənliklərdə, geniş Kür-Araz ovlaqlarında, dərə və vadilərdə yerləşir. Axınları əyri-üyrü və sakit olan bu çaylar öz məcralarını asanlıqla yuyaraq yataqlarını lilləndirilər. Onların suyu kənar qatışıqlarla bir o qədər də zəngin deyil və hamısının mənsəbi vardır. Lakin, Kür çayı ətrafı depressiyanın və dənizyanı qum təpələrinin yaranması nəticəsində bu çayların bir qismi kör arteriyaya çevrilir və mənsəbləri itir. Dayaz çayların qidalanması əsasən dağ çayları, bulaq və yerüstü suların hesabına həyata keçir. Dayaz çayların sonuncu növünü adətən qara su (sularının hədsiz minerallaşması nəticəsi olaraq) adlandırırlar ki, onların mövcud olması da, dağ çayları arteriyaları ilə olduqca bağlıdır.

Respublikanın hidroloji şəbəkəsi çoxlu miqdarda gölləri (400-dən artıq) birləşdirir. Oların bir hissə düzənliklərdə əsasən Abşeron yarımadasında, sənaye və kənd təsərrüfatı sahələrinin istifadə edilmiş su tullantılarının yığılıb toplanması hesabına əmələ gəlmişdir. Əksər göllərin su səthinin sahəsi çox da geniş olmayıb 0,1 kvadrat km-ə yaxındır. Göllərin ümumi su ehtiyatının həcmi 40 kub km-dir və onun 16-18 kub km-i içməyə yararlıdır.

Səhifədə bütün bu çayları 4 qrupa bölünüb: uzunluğu 1000 km-dən uzun olan ən iri (2), 1000 km-dən 100 km-ə qədər olan böyük (21), 100 km-dən 50 km-ə qədər olan orta (42) və 50 km-dən qısa olan kiçik çaylar (110) haqqında müfəssəl məlumat verilib. Bununla yanaşı səhifədə çayların mənsəblərə görə bölünüb: Xəzərə axan çaylar, Kür çayına axan çaylar, Araz çayına axan çaylarQuruyan çaylar.

AZƏRBAJCANIN MÖVCUD EKOLOJİ PROBLEMLƏRİİN HƏLLİ YOLLARI

Hazırda bütün dünyada mövcud ekoloji problemlərin sistem halında öyrənilməsinin elmi əsasını “Hövzə Metodu”  təşkil edir. Bu metod mühitin çirklənməsinə aid bir çox vacib parametrləri “haradan, nə və nə qədər”  suallarına konkret cavab tapmağa imkan verir.

1. Ekoloji nəzarəti elmi sistem halında öyrənmək və kompyuterləşdirmək üçün 70 inzibat bölgəni 40 hövzə daxili bölgə ilə əvəz edərək həmin bölgələrin sərhədlərində iri və xırda çay hövzələrinin keçid-nəzarət müşahidə məntəqələri yaratmaq. Bu təbii təsərrüfat sahələrinin ekoloji bölgələr arasında bölünməsini təmin etməklə ekoliji məsuıiyyəti düzgün ünvanlandırır.

 

2. Kənd təsərrüfatı və sənayenin problemləri üxvi surətdə bir-bii ilə baglı olduğundan və bütün fəaliyyətlər torpaqla bağlı olduğundan Torpaqların ekoloji qiymət xəritələri (Torpaqların Ekoloji Pasportları) hər bir mikrorayon, rayon vahidləri və ümumi respublika üzrə hazırlanmalıdır. Bu xəritələr üzərində torpaqların ekoloji pasportunun ən vacib parametrləri verilməlidir.

 

3. Respublika rayon və mikrorayon vahidləri üzrə torpaqların münbitliyini bərpa, mühafizə və idarəetmə ekoloji münbitlik modelinin işlənib hazırlanmalıdır (kənd təsərrüfatı bitkiləri, yem bitkiləri və meşə sahələrinə üçün).

 

4. Bütövlükdə kənd təsərrüfatı və sənaye sahələrini ekologiyalaşdırmaq üçün uşaq bağçalarından başlayaraq orta. ali təhsil və eləcədə hərbi məktəblər daxil olmaqla ekoloji mədəniyyətin artırılması işinin dövlət siyasəti səviyyəsinə qaldırılması.

 

5. Yay və qış otlaq torpaqlarını müəyyən edən və bu problemləri nizamlayan, mal-qara üçün  yem  parametrlərindən bəhs edən və tənzimləyən ərazilərin xəritələrinin hazırlanması.

 

6. Radionukleidlərin kənd təsərrüfatı məhsullarına daxil olunmasını azltmaq və əhalinin şüalanmasının qarşısını almaq üçün kompleks tədbirlərin həyata keçirilməsi.

 

7.

 

Torpağın münbit qatının yuyulması vəsu təsərrüfatının lillənməsinin qarşısının alınması üçün erroziyaya qarşı mübarizə tədbirlərinin işlənib həyata keçirilməsi.

 

8. Uzun müddətli antropogen təsirlər nəticəsində texnogen çirklənməyə və dağılmaya məruz qalmış və təhlükəli ekoloji şərait yaratmış rayonlarda həmin torpaqların xəritələşdirilməsi və müvafiq kompleks rekultivasiya tədbirlərinin işlənib həyata keçirilməsi.
9. Respublikanın iqtisadiyyatında mühüm yer tutan suvarılan 1 milyon 440 min hektar torpaqların antropogen və iqlim dəyişməsi nəticəsində quraqlaşması (səhralaşması), baş verən təkrar şorlaşma və şorakətləşməyə qarşı kompleks tədbirlərin işlənib həyata keçirilməsi.

 

10. Kənd təsərrüfatında mineral gübrələr və pestisidlərdən istifadə mədəniyyətinin yüksəldilməsinə ciddi diqqət yetirilməsi.
11. Ekoloji problemləri operativ və düzgün həll etmək üçün sənaye. kənd təsərrüfatı və eləcə də subyektləri əhatə edən “Ekoloji bank”ın yaradılması.
12.  Qonşu region dövlətlərin birgə sənaye, kənd təsərrüfatı və eləcə də bütövlükdə biosfer ehtiyatlarından məqsədyönlü istifadə mühafizəsi sahəsində ekoloji koordinasiya mərkəzlərinin təşkili.
13. Ekoloji pensiya təsis edilməsi ilə hövzədaxili ekoloji bölgələrdə müəyyən təcili tədbirlərin həyata keçirtməyin mümkünlüyü.
14. Ekoloji sahədə baş verən qanun pozontularını aradan qaldırmaq məqsədi ilə Azərbaycan cinayət məcəlləsində “Ekoloji cinayətə” aid maddələrin yenidən işlənməsi.
15. Ölkəmizə gətirilən ərzaq məhsullarının ekoloji cəhətdən təmizliyinə ciddi nəzarət edilməsi.

YERİN İSTILİK BALANSI

Yerə düşən və ondan qayıdan Günəş enerjisi axını yer səthinin istilik balansını müəyyən edir.

İstilik balansı isə öz növbəsində yerin orta temperaturunu müəyyənləşdirir. Enerjinin əsas mənbələri olan neft, qaz, kömür, atom enerjisi və s. planetin səthinə əlavə istiliyin daxil olmasına və istilik balansının pozulmasına səbəb olur.

Yer səthinə düşən radiasiyanın enerjisindən və ya külək və hidroenerjidən istifadə olunduqda isə istilik balansı pozulmur.

İzafi istiliktəbii mühitə həm enerjidən istifadə prosesində həm də onu alarkən atılır. İstilik və atom elektrik stansiyalarında əldə edilən elektrik enerjisinin hər vahidinə ətraf mühitə 2-3 vahid istilik enerjisi atılır.

Alimlərin hesablamalarına görə Yer səthinin istilik balansının təbii hissəsinə atılmış əlavə enerji Yerə düşən günəş enerjinin 5%-dən çox olmamalıdır.

Təbii mühitin vəziyyətinə təsir göstərən antropogen fiziki amillər: elektrik maşınlarının (mühərriklər, generatorlar və s.), elektrikötürücü xətlərin, radio və teleötürücülərin yaratdığı elektromaqnit sahəsi vəs.

MÜHİTİN ÇİRKLƏNMƏSİ

Təbii mühitin çirklənməsi ekoloji problemlərin vacib göstəricisidir. Çirklənmə təbiətə yaddır, o biosferdəki təbii prosesi pozur. İnsan və təbiətin təhlükəsizliyi çirklənmənin səviyyəsi ilə bağlıdır.

Ekolji problemin ən vacib cəhəti biosferin çirklənməsi, bizim planetin səthinin fiziki, kimyəvi, bioloji parametrlərinin dəyişməsidir.

 Mühitin çirklənməsi ekoloji sistemlərin vəziyyətinə və insanın sağlamlığına təsir göstərir.

Çirklənmə-təbii mühitə yeni, ona yad olan kimyəvi birləşmələrin, bioloji sistemlərin gətirilməsi, o cümlədən fiziki təsirin göstərəlməsidir.

Mühitin çirklənməsinin şərti təsnifatı:

v  Çirkləndiricilərin xassəsinə görə (fiziki, kimyəvi, bioloji və s.);

v  Çirkləndirici maddələrin vəziyyətinə görə (qaz. maye, bərk tullantılar və s.);

v  Təbii mühitdə çirklənmənin davamlılığına görə (parçalanan və parçalanmayan);

v  Çirklənmənin yayıldığı mühitin keyfiyyətinə və növünə görə (atmosfer, hidrosfer, litosfer və s.);

Real şəraitdə insan və ekoloji sistemlər ayrı-ayrı çirkləndirıcilərin deyil, onların kombinasiyasının (fiziki, kimyəvi və bioloji) təsirinə məruz qalırlar.

Son 100 ildə sənaye inkişafı nəticəsindəatmosferdəkarbon qazının konsentrasiyası 12-15%, toza bulanması 10-20% artmış, Yerin işıqlanması 7-10% azalmışdır.